bazar 21 iyun 2026 - 19:12
Sadiq və mücahid ziyalılar üçün nümunə

Şəhid Mustafa Çəhran elm, əməl, mənəviyyat və məsuliyyət arasında möhkəm bir əlaqə qurmuş sadiq və mücahid bir ziyalı idi.

Hövzə Xəbər Agentliyinin verdiyi məlumata görə, “şəhid Mustafa Çəmran” kimi şəxsiyyətlərə münasibətdə tarixi yanaşma və sadəcə bioqrafik nəqllə kifayətlənmək olmaz. Belə simaların ictimai və mədəni funksiyaları, eləcə də elmi təsirləri ön plana çəkilməlidir. Çünki bu yanaşma göstərir ki, Çəmran kimi bir şəxsiyyət bu gün üçün də aktual məna daşıyır və İran-İslam mədəniyyəti və sivilizasiyası səviyyəsində örnək və nümunə ola bilir.

Şəhid Çəmranın hadisələrlə zəngin həyatına qısa nəzər saldıqda görünür ki, o, elm və əməli, mənəviyyat və məsuliyyəti, fərdiyyət və ictimai öhdəliyi bir araya gətirən şəxsiyyətlərdən olmuşdur. O, yalnız düşüncə adamı və elmi elitanın nümayəndəsi deyil, həm də daxili və xarici düşmənlə mübarizə meydanında mücahid kimi çıxış etmişdir.

O, həmçinin sübut etdi ki, ixtisas sosial məsuliyyətlə vəhdət təşkil etdikdə, onun nəticəsi öhdəlik və vəfadarlıq olur. Məhz öhdəlik və ixtisasın bu vəhdəti qeyri-mümkün görünən maneələri aşan, cihad ruhiyyəsi ilə çətinliklərə, çatışmazlıqlara və mövcud problemlərə qalib gələn şəxsiyyətlər yetişdirir.

“Çətin anlarda məsuliyyət daşımaq” şəhid Çəmranın örnək xüsusiyyətlərindən biridir. O, ölkə, inqilab və xalqın böhran girdabında olduğu bir vaxtda rahat və təhlükəsiz həyatını tərk edərək məsuliyyət hissi ilə mübarizə meydanına daxil oldu. Şübhəsiz ki, onun “kiçik cihad” adlandırılan mübarizədə qazandığı uğur, “böyük cihad” sayılan nəfs mübarizəsində qazandığı müvəffəqiyyətin nəticəsi idi və bu mühüm məqam heç vaxt diqqətdən kənarda qalmamalıdır.

Başqa sözlə, şəhid Mustafa Çəmran ağır və həlledici şəraitdə tamaşaçı mövqeyində qalmayan insanın bariz nümunəsi idi. O, hansı mövqedə dayanacağını düşünülmüş şəkildə seçdi və seçdiyi yolda möhkəm və qətiyyətli qalaraq haqq cəbhəsi üçün ilhamverici və təsirli bir güc mənbəyinə çevrildi.

Şəhid Çəmran bizə öyrətdi ki, taleyüklü məqamlarda inqilabçı düşüncə ilə iman və etiqad öhdəliyini birləşdirərək məsuliyyət yükündən öz payımızı daşımalıyıq. O, əməl yönümlü yanaşmanı dini dəyərləri ilə uzlaşdırdı və şüarçılıqdan doğan emosiyalardan uzaq duraraq həqiqi idealizmin nümunəsini nümayiş etdirdi.

Şəhid Çəmran haqqında mühüm məqamlardan biri də onun təvazökarlığı, sadəliyi və zahiri güc nümayişinə etinasız yanaşması idi. Görünməyin, görünməkdən daha dəyərli sayıldığı bir dövrdə bu xüsusiyyət xüsusi məna daşıyır. Bu baxımdan şəhid Çəmran sadə, sağlam, təvazökar və riyakarlıqdan uzaq həyat tərzinin nümunəsi hesab oluna bilər.

O, səmimi şəkildə yaşadı, səmimi şəkildə də bu fani dünyadan köçdü və ən böyük arzusu olan şəhadət məqamına qovuşdu. Bu məqamda ən mühüm məsələlərdən biri də budur ki, şəhid Çəmran xalqın dərdini öz dərdi hesab edirdi. O, yalnız insanlar haqqında danışmır, eyni zamanda onların ağrı-acılarını öz həyatı ilə yaşayırdı. İstər Livanda, istərsə də İranda seçdiyi bu həyat tərzi onun imanlı və etiqadlı şəxsiyyətinin təcəssümü idi.

Çəhid Çəmran həmçinin şəxsi hesab-kitab aparan, fərdi mənfəətini ön planda tutan bir insan deyildi. Məhz buna görə də lazım gəldikdə rahatlığından, şöhrətindən, hətta canından belə keçirdi. O, bunu dramatik, eyni zamanda qəhrəmanlıqla dolu həyat yolu boyunca əməli şəkildə nümayiş etdirdi.

Şəhid Çəmranın həyat tərzi cəmiyyətin reallıqlarını düzgün dərk etməyən və insanların ağrı-acılarını azaltmaq üçün ciddi iradə ortaya qoymayan bəzi idarəçilər və siyasətçilərin həyat tərzindən tamamilə fərqli idi. O, həmçinin öz xüsusi mövqelərində oturaraq cəmiyyətin aşağı təbəqələrinin vəziyyətinə laqeyd qalan, insanlar üçün resept yazan, bəzən isə hakimiyyət və sərvətə yaxınlığın üstünlüklərindən maksimum yararlanmaqla yanaşı müxalifət görüntüsü yaratmağa çalışan ziyalılar sırasında da deyildi.

Şəhid Çəmranın yolu və məramı göstərdi ki, siyasət, idarəçilik və hətta ziyalılıq cəmiyyətin həqiqi problemləri ilə bağlı olmadıqda, öz mahiyyətindən uzaqlaşır və bəzən praktikada öz əksinə çevrilə bilir.

Nəhayət, onun müharibə meydanındakı cəsarəti yüksək əxlaq yanaşması ilə vəhdət təşkil edirdi. Bu xüsusiyyət isə hər şeydən əvvəl Çəmranın səmimi imanından qaynaqlanırdı. Elə buna görə də, aradan qırx ildən artıq vaxt keçməsinə baxmayaraq, “Ağa Mustafa” onu görüb onunla yaşamış insanlar üçün də, onu görmədən sevən və düşüncə tərzini, həyat fəlsəfəsini anlayan şəxslər üçün də bir nümunə olaraq qalır. Onun irsi bir çox insanın dünya və axirət səadəti yolunda həyatına yeni məna qazandırmağa davam edir.

Seyid Məhəmmədhadi Musəvi.

Etiketlər

Rəyiniz

You are replying to: .
captcha